Gömrük Akademiyasının Elmi Şurasının onlayn iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının genişləndirilmiş onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan Akademiyanın rəisi, Elmi Şuranın sədri Qulu Novruzov koronavirus (COVİD 19) infeksiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, dövlətimiz tərəfindən ciddi addımlar atıldığını bildirib. Akademiya rəisi vurğulayıb ki, Prezident İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının bariz göstəricisidir. O, məsələnin ciddiliyini nəzərə alaraq, hər kəsin verilən qərar və qəbul edilən qaydalara riayət etməsinin vacibliyini diqqətə çatdırıb.
İclasın gündəliyindəki məsələlərə diqqət çəkən Akademiya rəisi karantin dövründə tədrisin müasir texnologiyalar və innovativ metodlardan istifadə edilməklə onlayn davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, hələ mart ayından Akademiyada bu istiqamətdə bütün işlərin görüldüyünü, texniki məsələlərin həll olunduğunu nəzərə çatdırıb. Qulu Novruzov martın 30-dan başlayaraq Akademiya tərəfindən onlayn dərslərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Tələbələrin onlayn dərslərə qoşulmasının yüksək səviyyədə olduğunu bildirən Akademiya rəisi deyib ki, bütün tələbələrin elektron materiallara əlçatanlığı təmin edilib.
Dərslərin tam həcmdə tədris cədvəlinə uyğun vaxtda və müddətdə keçirildiyini deyən Qulu Novruzov Dövlət Gömrük Komitəsinin də dəstəyi sayəsində Akademiyanın buna bütünlüklə nail olduğunu bildirib.
İclasda karantin dövrü ərzində tədrisin onlayn təşkil olunması ilə bağlı vəziyyətin hazırkı mərhələsi, onlayn tədrisin həyata keçirilməsi prosesinin uğurla davam etdirilməsi, hər bir tələbənin dərslərə cəlb olunması üçün Akademiya tərəfindən ehtiyacı olanlara lazımı dəstəyin verilməsi, onlayn tədrisin tələbə və müəllimlər tərəfindən qiymətləndirilməsinin nəticələri, prosesin monitorinqinin aparılması və digər məsələlər müzakirə edilib.
İclasda, həmçinin karantin dövründə sənədləşmə işlərinin aparılması, onlayn tədrislə bağlı normativ sənədlərin hazırlanması, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, xüsusilə Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin (İNCU) üzvü olan ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsi, müəllim və tələbələrlə keçirilən onlayn görüşlərin davam etdirilməsi, bununla yanaşı, Akademiyada gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Elmi Şura üzvlərinin müvafiq məsələlərlə bağlı fikir və təklifləri, həmçinin görülən işlərlə bağlı məruzələri dinlənilib.
Sonda cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi